Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilir. “Pari Sen Jermen” “Park de Prens”də “Real” Madridi qəbul edəcək. Meydan sahiblərinin heyətində zədə səbəbindən Neymar və Ander Erreranın oynayıb oynamayacağı məlum olmasa da, Serxio Ramosun sabiq komandasına qarşı çıxış etməyəcəyi dəqiqdir. Buna baxamayaraq “Pari Sen Jermen”in baş məşqçisi Maurisio Poçettino oyundan əvvəl təşkil olunan mətubaut konfransında inamlı çıxışı ilə diqqət çəkib.
Argentinalı mütəxəssis yalnız qələbə üçün mübarizə aparacaqlarını bildirib: “Belə oyunlarda aşkar favorit olduğunu düşünmürəm. PSJ illərdir ki, bu titulu qazanmaq istəyir. Dünyanın ən yaxşı komandalarından birinə qarşı mübarizə aparacağıq. Buna baxmayaraq hazırkı heyətimizlə rəqibdən heç də geri qalmırıq”.
“Real” Madridin heyətində isə əsas narahatlıq zədəli Kərim Benzema ilə bağlıdır. Media nümayəndələrinin Mbappenin “Real”a mümkün keçidi barədə sualını cavablandırmaqdan imtina edən "Kral klubu"nun baş məşqçisi Karlo Ançelotti Benzemanın vəziyyətinə aydınlıq gətirib: “Benzemanın əsas heyətdə meydana çıxmağı hələlik məlum deyil. Həkimlərin onun hazırkı vəziyyəti ilə bağlı hesabatını dinlədikdən sonra qərar verəcəm. Azarkeşlər olduqca baxımlı oyun izləyəcəklər. Bütün futbolçuların qələbə üçün əlindən gələni edəcəyinə əminəm”.
PSJ-“Real” Madrid görüşü bu gün Bakı vaxtilə gecə yarısı başlayacaq. Matçı italiyalı Daniele Orsatonun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.